Monday, October 31, 2011

Bəşər Əsəddən son istəyim

Bədbəxt Əsəd xalqın istefa çağırışlarından gözünü açmamış xaricdən də Suriyanın “suverenliyini” istəməyən qüvvələr Əsədə çağırışlar etməyə başladırlar. Amerika ordan dedi demokrat ol, Avropa burdan, Ərəb liqası başqa tərəfdən Əsədi islahatlara çağırdılar. Ələkçinin qılverəni İran da başını başlara qoşub Əsədi islahatara çağırdı. Digəl bu Əsəd qaynatası Xomneyinin üzünə qayıtmamaq üçün çəkdiyini içində çəkdi. Deyə bilmədi ki ağa axı mən nə islahatı keçirim? Azad seçki keçirsəm bunlar mənə səs verməyəcək, mitinq edənləri öldürməsəm evlərinə yığışmayacaqlar, jurnalistləri azad buraxsam hamımızı yıxıb sürüyəcəklər, indi mən olmayım sən ol, bunları eləyərsən?
Amma Xomneyi bəsirəti filan açıq adamdı, Əsədin qəlbindən keçənləri bilib ona altdan-altdan dedi ki mən dedim dedim də, sən niyə ciddiyə alırsan. Əsas odur ki nəsə dedim. Sən nə bacarırsan elə. Onsuz da Nasrallah var gücüynən arxandadı. Mən də ki ölməmişəm ki. Elə bunu eşidər eşitməz Bəşər Əsəd, əslin danan haramzadədi prensipinə sadiq qalıb başladı dədəsinin yolun getməyə. Hələ də qırır. Çağırışlar da bir tərəfdən gəlir.
Amma mənim dərdim başqadı. Mən də Əsədə bir çağırış edəcəm.
Əsəd qağa!
Bax hələ başımız Qəddafinin zir-zibilini müzakirə etməkdən açılmayıb. Nə edirsən et ölmə. Qır, dağıt, xalqa hər şey rəvadır, nə edirsən atanın miras qoyduğu hakimiyyət kimi halalındı, amma ölmə. Çünki sən ölsən bizim qulbeçələrin bədənində hümanizm maddəsi artacaq. Onlar başlayacaqlar sənin xalqa verdiyin işıqdan, sudan, qazdan, bağça uşaqlarına verdiyin kaşadan, təqaüdçülərə hər ay verdiyin bir kisə quru lobyadan, hələ nankorluğumdan unutduğum başqa xidmətlərindən danışmağa. Ağzımızı açmağa qoymayacaqlar bizi Əsəd. Sən ölüb cəhənnəmə gedəcəksən, canın bunların əlindən qurtaracaq, ancaq bunlar bir ay bizi didəcəklər. Deyəcəklər ki guya bundan sonra Suriya ağ günə çıxacaq? Qardaş vallah deyəcəklər, billah deyəcəklər, ə Bakı dı yeee bura, Olso deyil. Axı biz kimə necə sübut edəcəyik ki sən neçə illərdir millətin qanın içirsən? Dədən gorbagor bir şəhəri bir həftəyə xaraba qoyurdu, sən bir günə qoya bilirsən? Kimi inandıra biləcəyik ki sənin ölkənin əhalisi illərdir arvadlarına belə sirrlərini aça bilmirlər? Sənin adın pis hallanar gəlin tutub apararlar deyə övladlarının adını sənin batmış adına oxşar qoymurlar, Suriyada hər beş nəfərdən altısı “işverəndi” həqiqətini bu millətə sən yeritmisən? Həbsxanalarda çürüyən yüzminlərlə gənc hələ də niyə tututluqlarını bilmirlər, biz bunları necə sübut edək onlara? Ağzımızı açan kimi rəsmi statistikanı soxurlar gözümüzə. Bəs Suriya Ərəb dövlətləri arasında ən dinamik inkişaf edən ölkələrdən biri idi. Nə olmuşdu Əsədə, gül kimi qəd-qamətli oğlan idi də, Suriya xalqına nə lazım idi ye, ac idi?- yox, susuz idi? – yox, qazı, işığı, suyu var idi? – hə, daha nə istəyirdilər ki? Əsədin belinə minəsi deyildilər ki. Odur ki Əsəd, sən özün öz diktatorluğunu qəbul eləsən belə, biz burdakılara qəbul etdirə bilməyəcəyik. Hələ Qəddafinin xəcalətindən çıxa bilmirik. Hər dəfə bizim Qəddafinin hüquqlarını qoruyanlarımız bizə onun xalqa verdiyi işığı suyu xatırladanda ölüb giririk yerə. Deyirlər ki bəs o su, onu vuranların burnundan gəlməz? Biz də donub qalırıq yerimizdə. Odur ki səni başın, nə edirsən et, amma ölmə! Hizbullaha girənlik elə, İrana elə, Rusiyaya elə, Çinə elə, kimə eliyirsən elə, qaç, uç, get Səudiyyə Ərəbistanına, Baham adalarına, amma ölmə. And içmişəm sən ölsən, mən bir ay facebooka girmyəcəm, girəcəm Üzeyirin fanatlarının saytına, onlar gic-gic danışacaq, mən də həri deyəcəm.

Bir diktatorun ardından


Artıq neçə aydır yay tətilini gözləyən məktəblilər kimi oturmuşduq facebookda,  Qəddafinin ölüm xəbərini gözləyirdik. Axır ki xəbərimiz gəldi çıxdı. Amma sevinmək həvəsimizi qursağımızda qoydular. Bəlkə də hamımızda belə olmadı amma, məndə belə idi.
Bir Amerikan generalı deyirdi ki biz düşünürdük ki Səddamın ölümündən sonra ən böyük çətinliyimiz, yollardan üzərimizə səpilən çiçəkləri yığmaq olacaq, amma olmadı. Mən də bu günlərdə onun qədər sadəlövh idim. Düşünürdüm ki o gün ən çətin işim insanların sevincinə şərik olmaq olacaq. Amma olmadı. İş başqa imiş, biz hələ “Guya qəddafidən sonra Liviyalılar ağ günə çıxacaq?” sualına cavab vermək məcburiyyətindəymişik. Qəddafi insanları qıranda rəhmətlik Nəcib Fazılın dediyi kimi başlarını ayaqlarının arasına soxan insanlar, Qəddafinin ölümündən sonra dirçəlməyə başladılar.
 Qəddafi günahsız insanların cəsədlərini küçələrdə sürüyəndə, əsgərlərinə “tarakanları əzin” əmrini verəndə səsləri çıxmırdı. Facebook profillərində gic-gic statuslarla xaltura edirdilər. Amma indi dilotu yemiş qaynanaya dönüblər. Birdəfəlik anlayın, ya adam kimi hümanist olun, ya da gedin özünüzə başqa iş tapın. Onsuz da sizi nə Liviya, nə Suriya, nə Yəmən nə də başqaları maraqlandırmır. Sizin dərdiniz başqadır. Misirdə inqilab oldu Misir xalqı ac qaldı deyə niyə fərəhlənirsiniz ki? Guya inqilabdan sonra tox qalsaydılar sizin munasibətiniz başqa olacaqdı? Azərbaycan xalqı sovet imperiyasına qarşı gələndən sonra aclıq, səfalət çəkmədimi?! İndi deyirsiniz nə edək? Qırmızı orduya haqq qazandıraq? Azadlıq mübarizəsinə qalxanları qınaq mərkəzinə çevirək?
Misir inqilab etdi ac qaldı, Tunis inqilab etdi ac qaldı, Liviya da onların gününə düşəcək deməklə kimi nəyə inandırmağa çalışırsınız? Misirlilər inqilab etdikdən sonra daha piramidaları görməyə turist gəlmirsə, Özbəklər Səmərqəndə turist gəlməyəcək deyə Kərimovun zülmünə baş əyməlidirlər? Siz başqasının qızı ərə gedib bədbəxt olub deyə öz qızınızı evdə saxlayırsınız?
Tunis, Misir, Liviya xalqları qanları bahasına başlarında olan əzazilləri cəhənnəmin orta göbəyinə qədər rahat buraxmadılar. Bu onların Allaha və özladlarına ola borcu idi. Onlar azad doğulmuşdular. Kimsənin onları kölələşdirmək haqqı yox idi. Xəlifə Ömərin deyimində olduğu kimi “Bu insanları anaları azad dünyaya gətimişdilər, siz onları nə vaxt kölələşdirdiniz?”.
Mübarəkin vaxtında Misirdə yüzlərlə “hüquq müdafiəçisi” var idi. Onların işi gücü Mübarəkvari demokratiya icad etmək idi. Bunun üçün nə lazım idisə edirdilər. Bir dəfə bir prezident Mübarəkə irad tutmuşdu ki mənim ölkəmin heç bir sərvəti yoxdur, ancaq ən kasıb vətəndaşım da sənin varlından yaxşı yaşayır. Elə bu baş vermişdi ki “hüquq müdafiəçiləri” keçdilər işə. Nəvə nənədən, nənə babadan tutub axır ki bir şey tapdılar. O prezidentə dediler ki “Sənin kasıbın bizim varlıdan zəngin olacaq də, çünki sənin ölkənin əhalisi azdır, bizim bir prospektdə sizin paytaxtdan daha çox adam yaşayır” və Mübarək hakimiyyətinin sonuna qədər o “hüquq müdafiəçilərinə” “minnətdar” oldu.
Daha vicdanları çatmadı desinlər ki bu ölkənin əhalisinin aclığına səbəb Mübarəkin oğlanlarıdı, kim olduğu nə olduğu bilinməyən Suzan Mübarəkdir. Barmağını hansı binaya uzadırdın deyirdilər bu Camal Mübarəkindir, bu Suzan mübarəkindir, bu Mübarəkin filan qohumunundur. İndi sadəcə mənə maraqlıdır o insanabənzər varlıqlar hardadırlar? Təhrir meydanındakı qələbə haqqında facebookda nə yazırlar? Qısası heç ölüb yerə girilərmi?!