Monday, October 31, 2011

Bir diktatorun ardından


Artıq neçə aydır yay tətilini gözləyən məktəblilər kimi oturmuşduq facebookda,  Qəddafinin ölüm xəbərini gözləyirdik. Axır ki xəbərimiz gəldi çıxdı. Amma sevinmək həvəsimizi qursağımızda qoydular. Bəlkə də hamımızda belə olmadı amma, məndə belə idi.
Bir Amerikan generalı deyirdi ki biz düşünürdük ki Səddamın ölümündən sonra ən böyük çətinliyimiz, yollardan üzərimizə səpilən çiçəkləri yığmaq olacaq, amma olmadı. Mən də bu günlərdə onun qədər sadəlövh idim. Düşünürdüm ki o gün ən çətin işim insanların sevincinə şərik olmaq olacaq. Amma olmadı. İş başqa imiş, biz hələ “Guya qəddafidən sonra Liviyalılar ağ günə çıxacaq?” sualına cavab vermək məcburiyyətindəymişik. Qəddafi insanları qıranda rəhmətlik Nəcib Fazılın dediyi kimi başlarını ayaqlarının arasına soxan insanlar, Qəddafinin ölümündən sonra dirçəlməyə başladılar.
 Qəddafi günahsız insanların cəsədlərini küçələrdə sürüyəndə, əsgərlərinə “tarakanları əzin” əmrini verəndə səsləri çıxmırdı. Facebook profillərində gic-gic statuslarla xaltura edirdilər. Amma indi dilotu yemiş qaynanaya dönüblər. Birdəfəlik anlayın, ya adam kimi hümanist olun, ya da gedin özünüzə başqa iş tapın. Onsuz da sizi nə Liviya, nə Suriya, nə Yəmən nə də başqaları maraqlandırmır. Sizin dərdiniz başqadır. Misirdə inqilab oldu Misir xalqı ac qaldı deyə niyə fərəhlənirsiniz ki? Guya inqilabdan sonra tox qalsaydılar sizin munasibətiniz başqa olacaqdı? Azərbaycan xalqı sovet imperiyasına qarşı gələndən sonra aclıq, səfalət çəkmədimi?! İndi deyirsiniz nə edək? Qırmızı orduya haqq qazandıraq? Azadlıq mübarizəsinə qalxanları qınaq mərkəzinə çevirək?
Misir inqilab etdi ac qaldı, Tunis inqilab etdi ac qaldı, Liviya da onların gününə düşəcək deməklə kimi nəyə inandırmağa çalışırsınız? Misirlilər inqilab etdikdən sonra daha piramidaları görməyə turist gəlmirsə, Özbəklər Səmərqəndə turist gəlməyəcək deyə Kərimovun zülmünə baş əyməlidirlər? Siz başqasının qızı ərə gedib bədbəxt olub deyə öz qızınızı evdə saxlayırsınız?
Tunis, Misir, Liviya xalqları qanları bahasına başlarında olan əzazilləri cəhənnəmin orta göbəyinə qədər rahat buraxmadılar. Bu onların Allaha və özladlarına ola borcu idi. Onlar azad doğulmuşdular. Kimsənin onları kölələşdirmək haqqı yox idi. Xəlifə Ömərin deyimində olduğu kimi “Bu insanları anaları azad dünyaya gətimişdilər, siz onları nə vaxt kölələşdirdiniz?”.
Mübarəkin vaxtında Misirdə yüzlərlə “hüquq müdafiəçisi” var idi. Onların işi gücü Mübarəkvari demokratiya icad etmək idi. Bunun üçün nə lazım idisə edirdilər. Bir dəfə bir prezident Mübarəkə irad tutmuşdu ki mənim ölkəmin heç bir sərvəti yoxdur, ancaq ən kasıb vətəndaşım da sənin varlından yaxşı yaşayır. Elə bu baş vermişdi ki “hüquq müdafiəçiləri” keçdilər işə. Nəvə nənədən, nənə babadan tutub axır ki bir şey tapdılar. O prezidentə dediler ki “Sənin kasıbın bizim varlıdan zəngin olacaq də, çünki sənin ölkənin əhalisi azdır, bizim bir prospektdə sizin paytaxtdan daha çox adam yaşayır” və Mübarək hakimiyyətinin sonuna qədər o “hüquq müdafiəçilərinə” “minnətdar” oldu.
Daha vicdanları çatmadı desinlər ki bu ölkənin əhalisinin aclığına səbəb Mübarəkin oğlanlarıdı, kim olduğu nə olduğu bilinməyən Suzan Mübarəkdir. Barmağını hansı binaya uzadırdın deyirdilər bu Camal Mübarəkindir, bu Suzan mübarəkindir, bu Mübarəkin filan qohumunundur. İndi sadəcə mənə maraqlıdır o insanabənzər varlıqlar hardadırlar? Təhrir meydanındakı qələbə haqqında facebookda nə yazırlar? Qısası heç ölüb yerə girilərmi?!

No comments:

Post a Comment